Sızlayır ürəyim, Xocalı!
Fevral ayının 23-də T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilmişdir. Tədbirin əvvəlində Xocalı şəhidlərinin xatirəsi bir anlıq sükutla yad edilmişdir. Sonra yuxarı sinif şagirdlərinin iştirakı ilə “Sızlayır ürəyim, Xocalı!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. “Xocalı faciəsinin şahidləri” mövzusunda şagirdlər tərəfindən hazırlanmış tamaşa öz orijinal forması ilə bütün iştirakçıları sarsıtmışdır. Tədbirdə mövzu ilə bağlı video-lentlər, slaydlar nümayiş etdirilmiş, mahnılar səslənmiş, “Xocalısız 25 il” mövzusunda rəsm və inşa yazı müsabiqələrinin nəticələri təqdim edilmişdir. “Xocalı faciəsinə gedən yol” mövzusunda “dəyirmi masa”da mövzu ilə bağlı şagirdlərin təqdimatlarına geniş yer verilmiş, Xocalı faciəsi şahidlərinin xatirələri dinlənilmişdir. Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə icra nümayəndəsi Zaur Əliyev, Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov,iş adamı Ramiq Mustafa və digər iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsində fəal iştirak etmiş və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Sonda bütün tədbir iştirakçıları “Badamdar şəhidləri” abidəsini ziyarət etmişlər.