Söz Mülkünün Hakimi
İyun ayının 4-də məktəbdə "Dilimiz sərvətimiz" dərnək üzvlərinin ifasında "Söz mülkünün hakimi" adlı tədbir keçirilmişdir. Tədbir dünya şöhrətli sənətkar Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdur. Tədbirin təşkilində məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Sədaqət Əzimova, "Azərbaycan dili və ədəbiyyatı" fənn metodbirləşməsinin sədri Əzizova Cəmilə, müəllimlərdən Həsənova Xədicə, Bağırova Sürəyya və yuxarı sinif şagirdləri yaxından iştirak etmişlər. Şagirdlər Nizami Gəncəvi irsini dərindən öyrənmişlər. Tədbirin keçirilməsində məqsəd Nizami Gəncəvi irsi ilə daha da yaxından tanış olmaq, yaşadığı dövrdən müasir dövrümüzə qədər Nizami Gəncəvi yaradıcılığı ilə bağlı deyilən kəlamlarla, adı heç bir ölçüyə sığmayan "Şair" adındakı dəyərlərlə tanışlıq idi. Eyni zamanda, dövrün tələblərinə uyğun olaraq özündən asılı olmayan səbəblər üzündən farsca yazmaq məcburiyyətində qalan şairin yaradıcılığında türkçülüyün ana xətt kimi öz əksini tapması məsələsinə də toxunulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, məktəbimizdə müxtəlif tədbirlər keçirilmiş və ilboyu keçirilməkdə davam edəcəkdir.