ŞƏHİDLİK ZİRVƏSİ
Vüsal vətəni sevən, onu canı bahasına qoruyan cəsarətli Azərbaycan oğullarından biri idi.
Öz nizam-intizamı , təlim-tərbiyəsi , böyüklə böyük , kiçiklə kiçik olmağı ilə hamının hörmətini qazanmışdı.Təkcə ailədə yox, hər yerdə xətri əziz tutulurdu.
Şəhid Vüsal Zakir oğlu Teymurov 1991-ci il martın 4 də Bakı şəhərində anadan olmuşdur.1997-ci ildə Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbin 1 – ci sinfinə qəbul olmuşdur.Oxuduğu müddət ərzində çalışqanlığı , səmimiliyi , nizam-intizamı ilə məktəb kollektivinin rəğbətini qazanmışdır.2008- ci ildə 239 nömrəli məktəbi yaxşı və əla qiymətlərlə bitirmiş, həmin ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gümrük işinin təşkili” fakültəsinə daxil olmuşdur.2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirmişdir.2012-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin 4 MAT, 10 MAB, II – taqım I manqa komandiri vəzifəsində xidmət etmişdir.Torpaqlarımızın işğal altında olmasına dözə bilməmiş, məhz buna görə də, könüllü olaraq səfərbərliyə yazılmışdı.II Qarabağ müharibəsi başlayanda, okryabrın 5-i müharibəyə yollanmışdı.Vüsalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasında onun payının olması idi.Yola düşəndə bildirmişdi ki, nə olursa - olsun, Şuşanın alınmasında iştirak edəcək.
Rəbbim arzusunu yerinə yetirdi ! Şuşa uğrunda döyüşlərdə, Şuşanın alınmasında sona qədər iştirak etdi. Arzusunda olduğu Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa uğrunda döyüşlərdə də qəhrəmancasına Şəhid oldu.
Nur içində yat Şəhidim. Ən böyük arzuna çatdın.Şuşa uğrunda döyüşdün, işğaldan azad olunmasında iştirak etdin. Şəhidlik zirvəsinə yüksəldin.
Səni həmişə sevimli məzun kimi xatırlayırdıq indi isə səni Azərbaycan xalqının qəhrəman oğulları sırasında olan növbəti Şəhidimiz kimi qəlbimizdə daim yaşadacağıq.
T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin kollektivi.