Şagirdimiz Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadədən müsahibə götürüb.

BŞTİ-nin “Dilimizi qoruyaq!” şüarı altında keçirilən “Noyabr aylığı”nın tədbirlər planına əsasən, məktəbimizin VIIIA sinif şagirdi Muhamməd Balakişiyev Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadədən müsahibə götürərək reportaj hazırlayıb. Həmin reportajı sizə təqdim edirik.

                                                                               Maraqlı mühasib

 

          Müsahibimiz Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazısı, Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadədir.

- Salam. “Dilimizi qoruyaq!” şüarı altında keçirilən tədbirlər çərçivəsində sizdən müsahibə götürməyimə razılaşdığınız üçün öncədən təşəkkürümü bildirirəm. İlk növbədə oxucularımıza təhsiliniz haqqında məlumat verməyinizi istərdim.

- Məktəb illəri mənə çox doğmadır. İlk müəllimim Saniyə müəllim olub. Ədəbiyyata, tarixə çox marağım olub. Heydər Eyvazov mənin ədəbiyyat müəllilim olub. Həmişə müəllimlərimi yad edirəm. Müəllimlərdən çox şeylər öyrənmişəm. 1974-cü ildə 125 saylı orta məktəbi bitirib, Buzovnada yerləşən 55 saylı texniki-peşə məktəbinə daxil olmuşam və qaynaqçı peşəsinə yiyələnmişəm. 

   İlk dini təhsilimi Axund Məşhədi Məzahirdən alıb sonradan Məhəmmədəli Natəvani, Molla Həsən, Molla Məhəmməd və Axund Hacı Əhməd Şeyx Qüdrət oğlundan da dini dərslər almışam. Həmçinin dövrünün böyük alim və şairləri ilə yaxından dostluq edərək onların dərin fikirlərindən qidalanmışam. Füzulişunas-alim Hacı Mail, Hacı Hidayət Səməd oğlu, Əhmədağa Əhmədov, Şeyx Məhəmməd Şeyx Qüdrət oğlu, Baskallı Hacı Həbib və Məddah Əlisöhbət kimi dahilərin söhbətllərinin qəlbimdəki imanımın artmasına, yetkinləşməyimə, kamilləşməyimə gətirib çıxarmışdır. Oxuduğum məktəbi bitirəndən sonra məni Qafqaz müsəlmanları idarəsinə çağırdılar, Buzovna Cümə məscidinə axund təyin etdilər. Mənə qazi rütbəsi verildi.

- Siz həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Yaradıcılığa nə zamandan başlamısınız?

- Məktəb illərindən ədəbiyyata, tarixə maraq göstərmişəm. Heca vəznində, əruz vəznində şeirlər yazardım. Çox mütaliə edər, özümdə bir qeydiyyat aparardım. Çoxlu məqalələr, məlumatlar toplamışdım. Yaradıcılığa gənc yaşlarımda başlamışam. İlk kitabım 1995-cü ildə "Azərbaycan dərvişləri və rövzəxanları" olub. Mənə suallar verilir ki, niyə kitabın adını belə qoymuşam. Mən tədqiqat etdim. Azərbaycan aşıqları, şairləri, generalları, allimləri və s.bu adlarda kitablar var. Ancaq dərvişləri və rövzəxanları mövzusu yox idi. Bu da mənim tədqiqat əsərimdir.

- Ədəbiyyat aləmində kimi özünüzə ustad sayırsınız?

- Ədəbiyyat aləmində nardaranlı füzulişünas-alim - qəzəlxan Hacı Mail və mərhum əməkdar müəllim Heydər Eyvazovu ustadım bilirəm.

- Mətbuatda çap olunmuş ilk əsəriniz hansıdır?

- 1981-ci ildə Nizami Gəncəvinin 840 illiyinə həsr etdiyim əruz vəznində olan şeirim ilk dəfə mətbuatda çap olunmuşdur.

Çün sevmiş idin xalqını mərdanə Nizami,

İndi yetişib şöhrətin hər yanə Nizami.

- Həm heca vəznində, həm də əruz vəznində də şeirlər yazırsınız. Hansı vəzn sizə daha doğmadır?

- Əruz vəznində daha çox yazıram. Bütün bəhrlərdə nümunələrim var.

- Bir az da məktəb illəri haqqında danışaq. O illəri necə xatırlayırsınız?

- Təbii ki, məktəb illəri insan həyatında ən şirin, əvəzolunmaz, əziz illərdir. Məktəb unudulmaz bir yerdir. O vaxtlar daha çox mehribançılıq var idi. Müəllimlərimiz həmişə təbliğat aparırdılar. Kitabxanalara üzv olurduq. Sinifdənxaric oxu var idi, çox mütaliə edirdik. Məktəb illəri mənim üçün çox əzizdir. Bütün müəllimlərin bizim üstümüzdə zəhməti çoxdur. Onları heç zaman unutmuram .

- Məktəblə bağlı şeirləriniz varmı?

- Məktəb haqqında müxtəlif şeirlərim var. Hətta “Məktəb” adlı şeirim də var.

                       Hünərdir, hikmətdir, əxlaqdır məktəb,

                       Layiqli bir insan olmaqdır məktəb.

                       İnsan bir bədəndir, canı elmdir,

                       Ürək bir həyatsa, qanı elmdir.

                       Odur dahiləri göyə ucaldan,

                       Düşünən beyinlər güc alır ondan.

                       Hikmətin yoludur məktəbin yolu,

                       Bir xəzinədir ki, elm ilə dolu...

- Bədii yaradıcılıqla yanaşı, həm də elmi yaradıcılıqla məşğul olursunuz. Bir qədər bu barədə məlumat verməyinizi istərdim.

  - Müxtəlif mövzularda tədqiqat işi aparmışam. İlk dəfə islamda idman mövzusunda tədqiqat aparmışam. 1918 -ci ildə ermənilər Bakıya hücum edəndə hər kənddən bir sərkərdə çıxırdı, özünümüdafiə dəstələri yaradırdılar. Məsələn, Buzovnadan da Hacı İsgəndər bu işə rəhbərlik edib. Bakını azad edəndə Hacı İsgəndərin bu qəhrəmanlığı, şücaəti Nuru Paşanın xoşuna gəlmişdir. Ona qızıl medal vermişdir. İlk dəfə onun haqqında məqalələr dərc etmişəm. Qeyd edim ki, Buzovna mədəniyyət evi Hacı İsgəndərin mülkü olmuşdur. Oranı Hacı İsgəndər qərargah etmişdi. Mənim təşəbbüsümlə Hacı İsgəndərin yaşadığı evin üzərinə xatirə lövhəsi vurulmuşdur. 

- İndiyə qədər neçə kitabınız işıq üzü görüb?

- İndiyə qədər müxtəlif mövzulu 30 kitabım işıq üzü görüb. 

- Sizin çox sevdiyim bir şeiriniz var: “Qarabağ azad olan gün”. Bu şeirdə hər bənd bu gözəl misra ilə bitir: “Olacaq xalqıma bayram Qarabağ azad olan gün”. Şükürlər olsun ki, biz bu bayram sevincini də yaşadıq. Bu sevinci, bu qüruru şeirə çevirməmisiniz?

- 14 il qabaq bu şeiri yazmışam. Hamımızın arzusu idi. Məclislərdə həmişə bu şeiri oxuyub deyirdim; “Əsl bayram Qarabağ azad olan gün olacaq”.

     ... Qazaxda Molla Vəli Vidadinin məzarını ziyarət edəndə ürəyimdən belə bir fikir keçdi. Əhd etdim ki, nə vaxt Qarabağ azad oldu, gedib sənin salamını Molla Pənah Vaqifə çatdıracağam. Və belə də oldu. Qarabağ azad olanda gedib Vaqifin məzarını ziyarət etdim. Birinci dəfə gedəndə o yerləri dağınıq gördüm. Sonra ikinci dəfə gedəndə isə artıq prezidentimiz İlham Əliyevin sərəncamı ilə həmin yerlər gözəl bərpa edilmişdi.

... Cəng eylədi uğrunda igid qəhrəman əsgər,

Qurban elədi torpağına can Qarabağda.

 

... Dünyaya şərəf verdi o gün birliyi türkün,

Gördü bunu hər xaini-nadan Qarabağda.

 

Bərpa olacaq məqbərəsi Vaqifi-zarın,

Güllərlə bəzənsin gərək hər yan Qarabağda.

 

Şadlıqla bu gün hamı edir razü niyazı,

Gördün, nə günə qaldı Paşinyan Qarabağda?..

 

Cəbrayıla yol çəkməliyəm, - verdi qərarı,

Yol çəkməyə heç tapmadı imkan Qarabağda...

 

... Torpağını öpmək Şuşanın qismətim oldu,

Bitdi beləcə möhnəti-hicran Qarabağda.

 

Hifz eylə, Xuda, İlhamı sən dərdü bəladan,

Gör bir yaradıbdır necə sahman Qarabağda.

 

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Çox oxusunlar. Mütaliə insanı zənginləşdirir. Dilimizin gözəlliyi ədəbiyyatımızda əks olunur. Çox oxusunlar ki, bu gözəlliyi duysunlar. Bu gözəlliyi duyduqca onun dəyərini anlayacaqlar, dilimizin saflığını qorumağa çalışacaqlar.

- Maraqlı müsahib idiniz. Çox təşəkkür edirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi