Məktəbimizin şəhid məzunu Məhəmmədəli İbrahimli!

Ibrahimli Məhəmmədəli Mütəllim oğlu 1996-cı il noyabrın 22-də Beyləqan şəhərində anadan olmuşdur. Əslən Füzuli şəhərinin Cuvarlı kəndindəndir. Orta təhsilini Baki şəhəri 215 nömrəli tam orta məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuşdur. Cihazqayırma mühəndisliyi ixtisasını bitirən Məhəmmədəli 2018-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olur. Elektronika telekomnikasiya və radiotexnika ixtisası üzrə təhsil almışdır.
Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan Çempionu olmuşdur.
"Bakı 2015" ilk Avropa Oyunlarının təskili və keçirilməsində istirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur.
Təhsil sahəsində bir çox uğurlar qazanmış və sertifikatlar əldə etmişdir.
2020-ci il yanvar ayında "Nitel Teknoloji Muhəndislik A.Ş" Sirkətinin Azərbaycan filialında elektrik muhəndisi kimi calışmağa başlamışdır.
2020-ci ilin iyunun 7-də Füzuli şəhər Hərbi Komissarlığı tərəfindən Həqiqi Hərbi Xidmətə çağırılaraq Goranboy rayonu 130 saylı Hərbi Hissədə kəşfiyyatçı əsgər olaraq Milli Ordu sıralarında xidmət etmişdir.Daha sonra xidmətə Tərtər rayonu 703 saylı Hərbi Hissədə yenidən kəşfiyyatçı əsgər olaraq davam etmişdir.
Sentyabrın 27-də düşmənin əks hücumu nəticəsində başlanan müharibənin ilk günlərində Tərtər istiqamətində gedən döyüşlərdə fəal istirak etmişdir.
Oktyabrın 3-ü Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə istirak etmiş, 2 qolundan və ayağından yaralanmışdır.Buna baxmayaraq 3 yaralı və bir şəhid əsgər yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilmişdir. Döyüşdən sonra yaralarının sağalması ücün 15 günlük Bərdə rayon dioqnostika xəstəxanasına yerləşdirilmişdir. Lakin 3 gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.
Oktyabrin 13-ü Ağdərə istiqamətində yerləşən düşmən postuna kəşfiyyat bölüyü ilə birlikdə hücuma keçmişdir. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbasına düşmən səngərinə hücum edərək qumbara vasitəsilə düşmənin 20-dən çox əsgərini məhv etmiş və özü də şəhid olmuşdur.