FƏXRİMİZ

                                                                     Məktəbimizin qürur abidələri            

                                                                    Telman İqdam oğlu Ələkbərov

                                            Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsinin şəhidi

Ələkbərov Telman İqdam oğlu 30 mart 1991-ci ildə Bakıda doğulub. Körpə ikən valideynləri ayrıldığı üçün tək övlad kimi anasının himayəsində böyüyüb. 1997-2003-cü illərdə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə təhsil alıb.

 

2003-2008-ci illərdə orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildə Goranboyda xidmətini başa vurub. 2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Qiyabi oxuduğundan iş fəaliyyətini də dayandırmayıb, 2012- 2019-cu illərdə "Azərişıq" ASC-də, sonra "Azərsu" ASC-də mühafizə xidmətində işləyib.

2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunda "motoatıcı taqım komandiri" ixtisası üzrə təlim keçib. 2019-cu il yanvarın 29-da kursu bitirdikdən sonra leytenant rütbəsində taqım komandiri kimi Ağdamda yerləşən "N" saylı hərbi hissənin 1902-ci motoatıcı taboruna təyinat alıb. İşinə məsuliyyətlə yanaşdığı üçün həmin il martın 30-da 1901-ci motoatıcı taborunun (BMP_1) motoatıcı bölüyünün 1-ci motoatıcı taqım komandiri vəzifəsində xidmət göstərməyə başlayıb. T.Ələkbərov xidməti dövründə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən dəfələrlə "Fəxri fərman"larla təltif olunub. 2020-ci il avqustun 12-də T.Ələkbərov Müqaviləsini uzadaraq "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Ordusunun zabit heyətinə keçib.

Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Telman 2020-ci il 7 oktyabrda Ağdam istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Telman Ələkbərov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Eyni zamanda,Telman Ələkbərov müvafiq sərəncamlarla "Vətən müharibəsi iştirakçısı" medalı , "Rəşadət" ordeni ilə də təltif edilib.

                                                                         İmanzadə Hilal Sabir oğlu 

İmanzadə Hilal Sabir oğlu 1995-ci il 23 dekabr Beyləqan rayonu Şahsevən kəndində anadan olub. Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Türkiyədə snayper kursunda yüksək nəaliyət qazanıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

                                                         İbrahimli Məhəmmədəli Mütəllim oğlu

Məhəmmədəli İbrahimli Mütəllim oğlu 22 noyabr 1996-cı ildə Beyləqanda doğulub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2011-2014-cü illərdə Bakıda 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilindən sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsinə daxil olub.

 

O, Ağdamın "İmarət" fan-klubunun ən fəal azarkeşlərindən idi, demək olar ki, klubun bütun oyunlarında olurdu. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı əsgər olan M.İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edir. Oktyabrın 3-dən 4-nə keçən gecə Suqovuşan uğrunda gedən döyüşdə yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkidlə yenidən cəbhəyə qayıdır. Tək arzusu torpaqlarımızı işğaldan azad etmək olan əsgərimiz döyüş yoldaşlarına deyirdi:

 

"Bizim soyumuzu davam edəcək kimsə qalmasa da, qoy haqqımızda Vətən üçün özlərini qurban verdi desinlər". Sonuncu dəfə yodaşlarıyla söhbətində "mən şəhid olsam, vətənim Füzulinin Cuvarlı kəndindən torpaq gətirib məzar torpağıma qatarsınız" - deyib.

 

O, oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı əsgər kimi xidməti zamanı qəhrəmancasına şəhid olur. 63 gün heç bir xəbər ala bilməyən ailəsi 15 dekabrda övladlarının şəhid olduğunu öyrənir və həmin gün Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunur.


2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramı yaradılıb.

 

                                                                    Aydın Zakir oğlu Feyzullayev

                                                     Azərbaycan silahlı qüvvələrinin itkin düşən Şəhidi

Azərbaycan ordusunun əsgəri olan Aydın Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi  zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb.  Aydın Feyzullayev sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Aydın Feyzullayeva "şəhid" statusu verilmişdir.

Azərbaycan Respublikasının  müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin  25.06.2022-ci il tarixli Sərəncamına əsasən Aydın Feyzullayev ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  25.06.2022-ci il tarixli Sərəncamına əsasən Aydın Feyzullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" ilə təltif edildi.

                                                                    

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi