21 saylı məktəbdə bədii əsərin açıq müzakirəsi keçirilmişdir

Aprelin 3-də E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında təhsil nazirinin "şagirdlərin bədii mütaliə vərdişlərinin təkmilləşdirilməsi və dünyagörüşlərinin artırılması ilə bağlı tədbirlər barədə" müvafiq əmrinə əsasən, məktəbin VIII-XI sinif şagirdlərinin iştirakı ilə yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanının açıq müzakirələri təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyhun Bayramlı bədii mütaliənin insanın nitq mədəniyyətinin formalaşmasına, dünyagörüşünün genişlənməsinə və intellektual səviyyəsinin artmasına birbaşa təsir göstərdiyini qeyd etmiş, tədbir iştirakçılarına ilk öncə Azərbaycan ədəbiyyat nümunələrini, daha sonra isə dünya ədəbiyyatı incilərini mütaliə etməyin vacibliyindən danışmışdır. Daha sonra məktəbin ədəbiyyat müəllimləri çıxış edərək şagirdlərə mütaliə etməyin faydaları barədə dəyərli tövsiyələr vermişlər. Tədbirdə Azərbaycan tarixini əks etdirən əsərlərlə bağlı slayd nümayiş etdirildikdən sonra mərhum yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" əsərinin məzmunu şagirdlərin müzakirəsinə çıxarılmışdır. Şagirdlər əsərin məzmunu, süjet xətti, obrazların bədii-estetik xüsusiyyətləri, əsərdə təsvir olunmuş tarixi şəxsiyyətlərin fəaliyyəti barədə suallara cavab vermişlər. Suallara dolğun, hərtərəfli və doğru cavab verən şagirdlər mükafatlandırılmışdır. Tədbirin sonunda məktəbdə mütəmadi olaraq bədii əsərlərin bu tip açıq müzakirələrinin keçirilməsi qərara alınmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi