Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına həsr olunmuş seminar
May ayının 29-da Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmri ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə məktəbdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması istiqamətində maarifləndirici mühazirə keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vəfa Rəsulova ilk olaraq mövzu haqqında şagirdlərə məlumat verdi. Qeyd etdi ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Ən əsası bu plastik tullantıların yüz illər ərzində parçalanmaması və miqdarının isə ilbəil artmasıdır. Bildirdi ki, plastik qablardan istifadə insan orqanizmi üçün təhlükə yaradır, bu tullantılar düzgün idarə olunmadığında isə ətraf mühiti çirkləndirir. Sonda şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.