Kamal Seyidqurbanoğlu Məmmədov
Kamal Seyidqurbanoğlu Məmmədov 1955-ci il dekabrın 13-də Bakının Maştağa qəsəbəsində neftçi ailəsində anadan olmuşdur.
Hal-hazırda adını daşıdığı 209 nömrəli tam orta məktəbi bitirib, Əzim Əzim adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1990-cu il yanvarın 19-u axşam şəhərdə olan vəziyyəti Kamal görürdü. O, Maştağa klubunun qarşısında yığışmış və tankların qabağına getmək istəyən insanların qarşısını kəsmiş, vəziyyətdən xəbərdar etmiş və onları bu yoldan çəkindirmişdir. Özü isə “Niva” markalı maşınında əyləşib yola düşmüşdür. Yolda əsgərlərlə dolu olan tanklarla üz-üzə çıxmış və güllə atəşinə tutulub, amansızlıqla qətlə yetirilib. Dəfn olunduğu Maştağa qəsəbəsində onun qəbirüstü abidəsi ucaldılmışdır.
Kamal Məmmədov subay idi.
1991-ci il yanvarın 21-də 209 nömrəli tam orta məktəbdə keçirilən matəm yığıncağında məktəbə onun adının verilməsi təklifi irəli sürülmüş və yanvar 1992-ci ildə Sabunçu rayon İcra Hakimiyyəti və xalq deputatları sovetinin qərarına əsasən məktəbə onun adı verilmişdir.