“Narkomaniyaya yox deyək!”
İyunun 4-də Sabunçu Rayon Polis İdarəsi və 209 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Sabunçu Rayon Polis İdarəsinin rəisi polis-polkovniki Cavid Muradov, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, 14-cü Polis Bölməsinin rəisi polkovnik-leytenantı Süleyman Abbasov, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis-kapitanı Bəxtiyar Abbasov, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi polis-mayoru Ata Atayev, həkim-psixoloq Xatirə İbrahimova, həkim-narkoloq Sona Xudaverdiyeva, məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak edirdilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, tədbirin məqsəd və əhəmiyyətindən danışıb gələn qonaqları təqdim etdi. Daha sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Tədbir şagirdlərin hazırladıqları bədii-kompazisiya ilə davam etdi. Tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verildi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışıldı. Tədbirdə iştirak edən qonaqlar respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışıb gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.