“Şəhidlərin ünvanı Əbədiyyətdir"
20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar olaraq, “Şəhidlərin ünvanı Əbədiyyətdir" adlı ədəbi-bədii kompazisiya keçirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər, mahnılar ifa etməklə yanaşı hazırladıqları səhnəciyi də nümayiş etdirdilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olub. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.