"Zərərli vərdişlərə yox deyək!"
Noyabrın 28-də 9 a, 9 b, 9 c, 10 a və 10 p sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda məktəbin psixoloqu, UBR və tibb bacısının iştirakı ilə maarifləndirici seminar keçirildi. Yeniyetmələr və gənclər arasında əsrin bəlasına çevrilən zərərli vərdişlərdən asılılıq, siqaretə, alkoqolizmə, "ağ ölüm" sayılan narkomaniyaya qarşı meylin qarşısının alınması, gənclərdə müsbət əxlaqi keyfiyyətləri formalaşdırmaq məqsədilə keçirilən seminarda, bu vərdişlərin yaratdığı xoşagəlməz nəticələr və onlarla mübarizə haqqında danışıldı. Belə seminarların keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.