“18 oktyabr - Müstəqilliyin Bərpası Günü"
Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Həsənzadənin təşkilatçılığı ilə məktəbdə 18 oktyabr - "Müstəqilliyin Bərpası Günü" ilə bağlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə canını vətənin müstəqilliyi və suverenliyi uğrunda qurban verməkdən çəkinməyən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkdi. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır. Daha sonra tədbirdə şagirdlər Vətən mövzusunda şeirlər söyləyib, mahnılar ifa etdilər.