“Heydər Əliyev uşaqların gözü ilə”
İyunun 8-də "Heydər Əliyev İli”çərçivəsində 209 nömrəli tam orta məktəb və 109 nömrəli bağçanın birgə əməkdaşlığı nəticəsində “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda tədbir keçirildi. Məktəbin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirildi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçmiş Maştağa qəsəbəsinin şəhidlərinin valideynləri, məktəb direktorları, 109 saylı bağçanın balaca fidanları, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva bildirdi ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışmaq olar. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir istiqaməti geniş tədqiqat mövzusudur. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider hakimiyyətinin hər iki dövründə gənclərimizin təhsilinə, elmin sirlərinə dərindən yiyələnmələrinə xüsusi diqqət göstərmiş və bu qayğısını davamlı addımları ilə təsdiqləmişdir. Bu gün Azərbaycan dünyada innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Təbii ki, bu uğurun əsasında dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 20 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Həmçinin bu günki tədbir baxça-məktəb-valideyn münasibətlərinin möhkəmləndirilməsi, əlaqələrinin davamlı inkişaf etdirilməsinə yönəlmişdir. Bu məqsədlə şagird və valideynlərimizin birgə fəaliyyəti nəticəsində hazırlanan “Göyçək Fatma təhsildə” adlı kiçik tamaşa nümayiş olundu. Tədbir məktəbin şagirdlərinin və 109 nömrəli bağçanın rəqsləri və çıxışları ilə sonlandı.