“İnsan Hüquqları Aylığı” ilə əlaqədar "Dəyirmi masa"
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilir. Məktəbin tarix müəllimi Mehriban Poladova tərəfindən mayın 23-də “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa” nın məqsədi şagirdləri insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaq olmuşdur. Mehriban müəllimə çıxış edərək, ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” haqqında danışıb insan hüquqları barədə ətraflı məruzə ilə çıxış etdi.Sonda “Dəyirmi masa”da mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparıldı.