Peşə təmayüllü siniflərin yaradılması ilə əlaqədar iclas
Mayın 18-də məktəb rəhbərliyinin iştirakı ilə 2023/2024-cü tədris ilinin X sinif şagirdləri üçün məktəbdə peşə təmayüllü siniflərin yaradılması əlaqədar iclas keçirildi. İclasda cari tədris ilinin IX sinif valideynləri iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, X sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcəkdir. Nəzərinizə çatdıraq ki, yaradılan peşə təmayüllü siniflərə yaxın ərazidə yerləşən ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər də qəbul ediləcəklər. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.