20 Yanvar şəhidi Kamal Məmmədovun əziz xatirəsinə həsr olunmuş tədbir
Yanvarın 19-da 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədər olaraq, məktəbin adını daşıdığı 20 Yanvar şəhidi Kamal Məmmədovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhid Kamal Məmmədovun ailə üzvləri və dostları qonaq qismində iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi başlandı. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva qısa, lakin şərəfli ömür yaşamış Kamal Məmmədov kimi cəsur, vətənpərvər olmağı tövsiyə etdi. Vurğulandı ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyi qorumağın əsas şərtlərindən biri isə tarixi yaddaşı qorumaqdır. 20 Yanvar hadisələrinin əsl siyasi qiymətini almasında və bu faciənin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin hazırda uğurla davam etdirildiyi də vurğulandı. Daha sonra 20 Yanvar hadisələri, həmçinin, həmin vaxt şəhidlik zirvəsinə ucalmış şəhidlər haqqında videoçarx nümayiş olundu. Tədbirdə çıxış edən şəhid Kamal Məmmədovun bacısı oğlu Rövşən müəllim vətən uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O çıxış edərək, şagirdlərə Kamal Məmmədovun qısa və şərəfli həyat yolundan danışdı. Məktəbin direktoru Səbahət Ağayeva tərəfindən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq qələmə aldığı “Qəhrəman anaların, qəhrəman oğulları” adlı kitabı Rövşən müəllimə təqdim olundu. Daha sonra şagirdlər 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, şanlı tarixi şagirdlərə bir daha xatırlatmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!