Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirdə məktəbin bir qrup müəllim və şagirdləri də iştirak edirdi. Muzeydə keçirilən “Unutmadıq, xatırlayırıq, yaşadırıq” adlı tədbirdə faciə qurbanlarının xatirəsi yad olunub, onların qəhrəmanlıqlarının tarixi əhəmiyyətindən bəhs edilib. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 33 il öncə yanvarın 19-dan 20-sinə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerimizə çevrilib. Hər il on minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini ehtiramla anırlar.Tədbir çərçivəsində açılan sərgidə 20 Yanvar faciəsi şəhidlərinin şəxsi əşyaları nümayiş olunub.