“Şuşa Qarabağın Tacıdır!”
Aprelin 29-da məktəbdə “Şuşa ili”nin qeyd edilməsi ilə əlaqədar olaraq, “Şuşa Qarabağın Tacıdır!” adlı tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun məsləhətçisi Ceyhun Nəzərov, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna xanım Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva, Sabunçu rayon YAP-nın müavini Zülfüqar Cəfərov, Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev, Şuşa rayon Malıbəyli kənd mədəniyyət evinin direktoru Aysel Eldarlı, Şuşa rayon Malıbəyli kənd mədəniyyət evinin mədəni təşkilatçısı və mətbuat katibi Cəbrayılova Gülnarə, Şuşa mədəniyyət muzeyinin direktoru Anar Cəbizadə, Maştağa qəsəbəsinin II Qarabağ döyüşlərində həlak olan şəhidlərin valideynləri, II Qarabağ müharibəsində iştirak edən məktəbin məzunları, valideyn komitələri iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva “Şuşa ili” ilə bağlı məktəbdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova çıxış edərək bildirdi ki, artıq ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Tədbirdə çıxış edən digər qonaqlar “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd etdilər. Tədbirin davamında Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan, Bülbül, Xan Şuşinski kimi dahi sənətkarlarımız haqqında müəllim və valideynlərimiz təqdimat ilə çıxış etdilər. Sonda şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olundu.