21 fevral “Beynəlxalq Ana dili günü”
Məktəbimizdə 21 fevral tarixində məktəbin ibtidai sinif müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə “Beynəlxalq Ana Dili Günü” mövzüsunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər saldı. Bildirdi ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Daha sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər. Tədbirin sonunda rəhbərlik bu gözəl gün münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək onlara öz təşəkkürünü bildirdi.