20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş mühazirə
20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar olaraq, yanvarın 18-də 9 b sinfində tarix müəllimi Mehriban Poladova tərəfindən mühazirə keçirildi. Mühazirənin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik tərbiyəsinin aşılanması, müstəqillik uğrunda qurban gedənlərin yad edilməsindən ibarətdir. Şagirdlər bir dəqiqəlik sükutla 20 Yanvar faciəsi şəhidlərini yad etdilər. Sonra müəllim bu faciənin baş vermə səbəbləri, dinc əhaliyə qarşı edilən vəhşiliklər haqqında danışdı. Mühazirədə məktəbin direktoru Səbahət Ağayeva iştirak edirdi. Mühazirədə çıxış edən Səbahət Ağayeva qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır.