“Uğurunuz uğurumuzdur!”

Noyabrın 8-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Mənim bayrağım” mövzusunda inşa-yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Aydın Yusifov, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov, şair Vahid Əziz, valideyn və müəllimlər iştirak etmişlər. Tədbirdə bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib. Sonda Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa yazı və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şeir müsabiqəsində məktəbimizin XI sinif şagirdi Bağırova Təhminə I yeri tutaraq diplomla təltif olunmuşdur. Biz də Təhminəni təbrik edir, ona uğurlar arzu edirik.