Məktəblilərin "Qobustan Milli Tarix-Bədii Qoruğu"na ekskursiyası

Məktəbin şagird və müəllimləri, həmçinin valideynlər Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Qoruqla tanışlıq burada inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında da görmək mümkündür.
Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Məktəblilər zalları gəzərək ekspozisiyalarla tanış olublar. Qeyd olunub ki, “Qobustan: YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
Sonra məktəblilər qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar.
Qoruğun bələdçisi məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb.