"Xalqıma azadlıq bəxş edən gün" adlı tədbir keçirildi
17.01.2025-ci il tarixdə məktəbimizin V-IX sinif şagirdlərinin təşkil etdiyi "20 Yanvar" faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirdə bu günün önəm və əhəmiyyəti diqqətə çatdırıldı.
1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 35 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən "20 Yanvar" faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu.
1990-cı ilin "Qanlı Yanvar" hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də "20 Yanvar" faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.