Zəfərin mübarək, Azərbaycan!
4 il öncə bu gün xalq olaraq bütünləşib dəmir yumruğa çevrildik. 4 il öncə illərdir həsrətində olduğumuz torpaqlarımıza, "O gün olsun ki..." ilə başlayan arzularımıza qovuşduq. Qovuşdurulduq...Minlərlə can qurban oldu... Azərbaycan tarixi 8 Noyabrda yenidən yazıldı.
Ümummilli lider Heydər Əliyev demişdir: "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır."
Ata vəsiyyətinin inamlı zəfərin qarantı olduğunu dünyaya göstərən, Azərbaycan torpaqlarının azadlığı uğrunda bütün hərbi və siyasi bacarıqlarını səfərbər edən Ali Baş komandanımız İlham Əliyevə sonsuz minnətdarıq.
Azadlıq tarixin itirilməyən tək dəyəridir. Bu yolda canı, qanı bahasına qələbəni bizlərə bəxş edən qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət diləyirik. Demək istəyirik ki, haqqı ödənməz bir haqqınız var boynumuzda. Mavi səmada pərvazlanan ruhlarınız daim şad olsun. Sizi hər zaman sevgi və qürurla anacağımıza söz veririk!
Beşikdə gəlib tank belində geri dönən qəhrəmanları Azərbaycan xalqı və dünya hərb tarixi əsla unutmayacaq.
8 Noyabrda biz təkcə zəfəri deyil, Azərbaycanın müstəqilliyini, xalqın əzmini, ordunun böyük döyüş ruhunu da qeyd edirik.
Qələbə bizə çox yaraşır. Zəfərin mübarək, Azərbaycan!