Məktəbimiz "Mənim məktəbim" layihəsinə qoşuldu

19 mayda “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində məktəbimizdə tədbir keçirib. XəzərNews.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və məktəbin şagirdi, DİM-in 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirdiyi qəbul imtahanlarında (yaz imtahanı) I ixtisas qrupu üzrə maksimum bal – 700 bal toplamış Mahirə Əsədzadə iştirak edib.Layihə koordinatoru Adəm Abbaslı bildirib ki, “Mənim məktəbim” layihəsi ümumtəhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi təşəbbüslərinə dəstək xarakteri daşıyır: “Layihə orta məktəblərdə uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasından bəhs edir. Həmçinin müəllimlərin öz üzərində çalışmaları, yeni texnologiyalardan istifadə bacarıqları, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, ictimai fəallıqları və valideynlərin məsuliyyətindən bəhs edir. 162 saylı tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi, uğurları haqqında danışıb. Direktor bildirib ki, problemlərdən çəkinmək yox, onların həllinə çalışmaq lazımdır. Məktəbin yarandığı gündən bu günədək – 80 illik bir tarixə və bu zaman kəsiyində əldə edilən nailiyyətlərə ekskursiya edən Sevinc Abbasova vurğulayıb ki, dövlətin təhsilə qayğısı danılmazdır və bunu hər bir Azərbaycan vətəndaş görür, həyatında hiss edir: “Bu gün Azərbaycan təhsil sistemində uğurlu layihələr həyata keçirilir. Onun nəticəsidir ki, məktəbimizin şagirdi 700 bal toplayıb. Bu həm də o deməkdir ki, orta məktəblərimiz kifayət qədər güclüdür”. Tədbirdə iştirak edən məktəbin bu ilki qəbul imtahanlarında ən yüksək nəticə ilə fərqlənən şagirdi Mahirə Əsədzadə əldə etdiyi uğuru müəllimlərinin dəstəyi ilə qazandığını vurğulayıb. Bildirib ki, həlli olmayan, uğurla nəticələnməyəcək problem yoxdur, sadəcə bunun üçün təşəbbüs göstərmək, çalışmaq lazımdır: “Bu səbəbdən də “Mənim məktəbim” layihəsi zamanında start götürüb. Problemin həlli üçün zamanı uzatmağın özü də problem yaradır. Bu nöqteyi-nəzərdən layihənin uğurlu olacağına və qarşısına qoyduğu məqsədlərə çatacağına əminəm”.Daha sonra valideynlər də uğurlu təhsil metodikası ilə bağlı öz fikirlərini bildiriblər. Vaxtı ilə övladları, hal-hazırda isə nəvələri bu məktəbdə oxuyan Ofeliya Dadaşova və digər valideyn Gülnarə Allahverdiyeva “Mənim məktəbim” layihəsinin aktual olduğunu deyib. Onlar bildirib ki, belə layihələrin həyata keçirilməsi məktəblərdə olan problemlərin aradan qaldırılmasına dəstək və təhsilin inkişafına xidmətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi