Şagirdimiz qəbul imtahanından 700 bal topladı

Məktəbimizin XI sinif şagirdi Mahirə Əsədzadə I qrup üzrə qəbul imtahanından maksimum nəticə göstərərək, 700 bal topladı. Mahirə aşağı siniflərdən bütün fənnləri eyni səviyyədə oxuyaraq, həmişə əlaçı olmuşdur. O, ingilis və ərəb dillərində sərbəst danışır. Mahirə məktəbin ictimai həyatında hər zaman fəal iştirak etmişdir. Belə ki, məktəb tədbirlərində həmişə aparıcı olmuş, istənilən fənn üzrə qatıldığı müsabiqələrdən heç vaxt əliboş dönməmişdir. Dərsə davamiyyəti isə həmişə qüsursuz olmuşdur.Mahirə Əsədzadə 162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O, əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəndir. Mahirənin sözlərinə görə, bu göstərici onun üçün üçqat qürürvericidir.Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı olduğunu, daha sonra həyəcanına qalib gəldiyini deyir. "Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam. Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam. Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi. Qürur verdi mənə". Mahirə deyir ki, hədəfə çatmaq üçün ilk olaraq qarşına məqsəd qoymalısan. İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. İlk öncə aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansınsa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramını yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi - yatmırdım, yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim. Müsahibim artıq seçimini də edib. Təhsilini Bakı Ali Neft Məktəbində davam edəcək. İxtisasını isə hələlik seçməyib. Gələcək abituriyentlərə mesajı da var Mahirənin. "Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualını özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır".