Yunanıstanın mədəniyyəti -OCEP layihəsi

       Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək üçün onlar müxtəlif əlavə məşğələlərə cəlb edilir, digər lazımi dəstək göstərilir. Bunun nəticəsi olaraq ildən-ilə olimpiadalarda iştirak edən və müəyyən mərhələləri keçən məktəblilərin, həmçinin ali məktəbə qəbul olunan məzunların sayında və onların orta balında artım müşahidə edilir. Bu nəticələrin qazanılmasında şagirdlər üçün sağlam öyrədici mühitin yaradılmasının və onların inkişafı naminə fərdi keyfiyyətlərinin nəzərə alınmasının rolu danılmazdır. Bu, özünü elmi, təhsili, bilikləri, ümumi dünyagörüşünü, həmçinin milli-mənəvi dəyərləri özündə birləşdirən proqramlarda ehtiva edir.

Əlbəttə, sözügedən proqramlar təhsil ocaqlarında, müvafiq qurumların bilavasitə rolu ilə istənilən nəticələri verə bilər. Xüsusilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü, iştirakı, təşkilatçılığı ilə həyata keçirilən layihələr ciddi əhəmiyyət kəsb edir. Bu baxımdan Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) uğurlu proqramlardan biridir. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.

2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddət ərzində Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib. Əlbəttə, bu Azərbaycan şagirdlərinin də ümumi dünyagörüşünün genişlənməsində, formalaşmasında, eləcə də dünya məktəb arenasına inteqrasiyasında müsbət rol oynayır. Sözügedən layihə çərçivəsində tədbirlər bu il də davam edir. Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində noyabr ayında keçirilən “Olimpiya Mədəniyyəti Festivalı” Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hazırlanıb.

Sözügedən tədbirdə Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş OCEP festivalına bir neçə orta məktəb qoşulub. Qeyd edək ki, pavilyonda 9 məktəb 9 ölkəni təmsil edərək, onların mədəniyyətini, mətbəxini və adət-ənənələrini tanıdıb. Belə ki, Bakı şəhər 286 nömrəli məktəb Polşanı, 162 nömrəli məktəb Yunanıstanı, 238 nömrəli məktəb Gürcüstanı, 229 nömrəli məktəb Slovakiyanı, 158 nömrəli məktəb İtaliyanı, İlyas Əfəndiyev adına Elitar Gimnaziya Türkiyəni, Bakı Avropa liseyi Yaponiyanı, 171 nömrəli məktəb Sloveniyanı, Bülbül adına orta ixtisas musiqi məktəbi İspaniyanı təmsil edib.

Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri OCEP pavilyonunda Yunanıstanı təmsil edərək tədbir iştirakçılarını Yunanıstanın mədəniyyəti, mətbəxi və adət-ənənələri ilə tanış ediblər. Bundan başqa, sözügedən layihə çərçivəsində dekabrın 2-də 162 nömrəli tam orta məktəbdə Yunanıstana həsr edilmiş açıq dərs keçirilib. Şagirdlər Yunanıstanın tarixi, alimləri, mədəniyyəti ilə bağlı məlumat slaydları nümayiş etdirib, fikir mübadiləsi aparıblar. Məktəb heyətinin qatıldığı açıq dərsdə şagirdlər ümumi biliklərini bir-biri ilə bölüşüblər. Qeyd edək ki, OCEP layihəsi ölkə üzrə davam etməkdədir.

https://www.yeniazerbaycan.com/xeberlenti_e77941_az.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi