Saat neçədir?

1-cı sinif şagirdləri Günay müəllimlə saatı öyrənir.Müəllim saatı öyrədərkən şagirdlərin çətin qavradıqları ən mürəkkəb hissə saatın göstəricisinin təkrarlanması (dövrü) ilə əlaqəlidir. Əqrəblərin eyni vəziyyətini gün ərzində iki dəfə – səhər (günorta) və axşam (gecə) görürük. Ümumiyyətlə, təkrarlanma iki səviyyədə baş verir: 1-12 (saatlar) və 1-59 (dəqiqə və saniyələr). Qeyd edək ki, birinci sinifdə yalnız tam saatlar öyrənildiyindən ancaq 1-12 təkrarlanmalarına baxılır. Dövrlərin izah olunması kifayət qədər çətinliklər yaratsa da, ən əhəmiyyətli üsullardan biri saat modelindən istifadə etməkdir. Modeli şagirdin özünün hazırlaması çox vacibdir. Şagird saat əqrəbinin necə dövr etməsini və 12-dən sonra necə təkrarlanmasını saat əqrəbini irəli-geri çəkməklə müşahidə edir. Mövzuya 2 saat nəzərdə tutulduğundan model sinifdə müəllimin köməyi ilə şagirdlərlə birlikdə düzəldilə bilər. Əqrəbli saat modelini öyrənmə materialının izahından dərhal sonra hazırlamaq məqsədəuyğundur. Müəllim sinfi qruplara bölür və onlara tapşırıq verir. Tapşırıqda hər fikrin qarşısına uyğun saatın nömrəsini yazmaq tələb olunur. Tapşırığı tez və düz həll edən qrup qalib gəlir.