Ana dilimizi qoruyaq, inkişaf etdirək, yaşadaq

Sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir əlamətdar günün olduğu kimi bu günün də maraqlı və ibrətamiz tarixçəsi var: YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır.Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək bizim ən müqəddəs borcumuzdur”.