STEAM dərsi

Məktəbimizin STEAM müəllimi Ülkər Səfərova öz dərsini təcrübələr əsasında aparır. Müəllim dərsində kimya elminə inteqrasiya edərək şagirdlərə bildirib ki, Kainat və onda mövcud olan canlı və cansız aləmlər, kimyəvi, fiziki, bioloji proseslərin həm əsasını həm də açıqlaması elmə əsaslanır. Bizi əhatə edən ətraf aləmi və onda baş verən hadisələri dərk etməmiz üçün müxtəlif elmi araşdırmalar aparılması məhz elmə əsaslanır. Elmi tərəqqi svilizasiyaların yaranması və müasir cəmiyyətin formalaşması ilə nəticələndi. Elm - obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişdir. Ənənəvi olaraq elm dedikdə daha çox fundamental təbiət elmləri (natural science) nəzərdə tutulur. Təbiət elmlərinin əsası kimi elmdə təbiət elmləri – təbiət hadisələri haqqında elm götürülür. Qədim dövrlər və orta əsrlərdə ətraf mühit sadə müşahidə və təsvir yolu ilə öyrənilirdi. Yeni dövrün əvvəllərində təbiətin təsvirlə öyrənilməsi elmi izahla öyrənilməsi ilə əvəz edildi. Nəzəri elmi biliklərlə yanaşı texnoloji inkişaf üçün mühəndislik elminə də (artificial science) ehtiyac yarandı. Bu baxımdan kimya, fizika, biologiya kimi təbiət elmlərinin inkişafı nəticədə kimya mühəndisliyi, biotexnologiya, elektrik-elektronika mühəndisliyi elmlərinin də yaranmasına səbəb oldu. Dövr keçdikcə təbiət elmləri xüsusi elmi istiqamətlərə ayrıldı. Təbiət elmlərini öyrənərkən fizika, kimya və biologiya elmləri arasındakı əlaqənin öyrənilməsi xüsusilə vacibdir. Çünki, bu elmlərin əsas məzmununu təşkil edən bir sıra qabaqcıl elmi fikirlər, məsələn, molekulyar-kinetik nəzəriyyə, elektron nəzəriyyəsi, elektroliz və bir sıra başqa anlayışlar təbiət elmlərində əhəmiyyətli yerə malikdir.