Əhmədiyyə Cəbrayılov- 100 il

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Virtual məktəbdə anım tədbiri keçirilmişdir.
Məktəbimizin müəllimi Leyla Mürsəlovanın təqdimatında Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən video çarx nümayiş olundu.Tədbirin təşkilatçısı Gülbəniz Abbasova tədbiri açaraq məlumat verib ki, Əhmədiyyə Cəbrayılovun doğum günündə onun işığına yığışmaq, xatirəsini anmaq olduqca önəmlidir. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Məktəbimizin hərbi rəhbəri Sərvan Şirinov xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi olduğunu qeyd etdi. Tədbirdə istirak edən müəllim və şagirdlərimiz də Əhmədiyyə Cəbrayılov haqqında geniş məlumatla çıxış etdilər. Məlumatlardan də qeyd olundu ki, Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.