2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar ilk Pedaqoji Şuranın iclası keçirildi.
12 sentyabr 2024-cü il tarixdə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Fatma Əhmədova iclasın gündəliyini nəzərə çatdırmazdan öncə çalışmanın yaş həddinə çatmış müəllimlər Zabitə İsmayılova, Şəfəq Mustafayeva və Zinhar Göyüşovanın təqaüdə çıxmaları ilə bağlı kollektivə məlumat vermiş, təqaüdçü müəllimləri şərəfli və layiq fəaliyyətləri münasibətilə təbrik edərək onlara sağlam təqaüdçü ömrü arzulamışdır. Daha sonra gündəlikdə duran məsələlərə keçid olunaraq 2024/2025-ci tədris ilində qarşıda dayanan məqsədlər səsləndirilib. İclasda Azərbaycan Respublikasının elm və təhsil nazirinin "Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə" 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmri pedaqoji kollektivin diqqətinə çatdırılıb. Əmr haqqında ətraflı məlumat verən məktəbin direktoru eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsilin Keyfiyyətinə Nəzarət Sektoru və Təlimə Dəstək Mərkəzi tərəfindən təqdim edilən dərs bölgüsünün və dərs cədvəlinin qurulmasına dair qoyulan yeni tələbləri pedaqoji heyətə təqdim etmişdir. Daha sonra məktəbin direktor müavinləri Sevgili Nurəliyeva və Sevinc İsmayılova 18-19 may 2024-cü il tarixində Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi tərəfindən IV-VI siniflər arasında keçirilən monitorinqin siniflər üzrə nəticələrini qeyd edərək bu istiqamətdə görülməli işlərdən məlumat veriblər. Təhsilin keyfiyyətinin artırılması, buraxılış siniflərində zəif nəticə göstərmə riski olan şagirdlərlə pedaqoji işin təşkili də müzakirə edilən mövzulardan oldu. Uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova şagird davranış qaydaları, daxili nizam-intizam məsələlərini diqqətə çatdırdı. Şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında məktəblərdə tədris olunan hərbi dərslərin əhəmiyyətini qeyd edən hərbi rəhbər Ramil Məmmədov şagirdlərdə vətənə olan ali hissin yaradılmasında məktəb heyətinin rolunu vurğulayıb. Məktəb invertarlarının qorunmasından danışan təsərrüfat işləri üzrə direktor müavini Adil Həmid yeni tədris ilində şagirdlərdə məktəb invertarlarının qorunması mövzusunda maarifləndirmənin əhəmiyyətini nəzərə çatdırdı. Kitabxana müdiri Sevda Hasilova kitabların vəziyyəti, yeni dərsliklər barədə məlumat verib.
Pedaqoji Şura iclası səslənən məsələlərin müzakirəsi ilə davam etdi.