Famil İsgəndər oğlu İsgəndərov1975-ci il mayın 15-də Bakı şəhərində anadan olub.
1991-ci ildə 157 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra 6 ay Gəmi Təmiri Zavodunda işləyib.
Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib. Famil İsgəndərov Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, Murovdağın düşməndən geri alınması zamanı ayağından yaralanıb. Cəsur döyüşçü müalicə olunduqdan sonra hərbi hissəyə qayıdıb.
Famil İsgəndərov 1995-ci ilin martında dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatda iştirak edib. Martın 17-də əməliyyat zamanı döyüş yoldaşını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak olub. Şəhidlər Xiyabanında dəfn edilib.
Famil İsgəndərov subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-i il tarixli 307 saylı fərmanı ilə Famil İsgəndər oğlu İsgəndərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 157 nömrəli tam orta məktəb Famil İsgəndərovun adını daşıyır. Məktəbdə onun büstü qoyulub, vaxtilə yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Dağıstan Muxtar Respublikası Qasımkənd rayonunun Uluqadağ kəndindəki orta məktəb də Famil İsgəndərovun adını daşıyır.