"Əsrlərin dahi lideri" adlı tədbir keçirildi
11 May 2023-cü il tarixdə Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə " Əsrlərin dahi lideri" adlı tədbir təşkil edildi. Məktəbin musiqi müəllimi Ruhiyyə Baxşıyevanın quruluş verdiyi ssenari əsasında təşkil edilən mötəbər tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədova, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Binəqədi Rayonu İcra başçısının müavini Sevinc Süleymanova və məktəb direktorları iştirak edirdilər.. Müxtəlif yaş qrupundan ibarət 100 nəfərdən çox şagirdin cəlb olunduğu tədbir şagirdlərimizin əl işlərindən ibarət sərginin məktəbin foyesində təqdim olunması ilə başladı. İstedadlı şagirdlərimizin ifasında səslənən həzin musiqi sədaları altında qonaqlarımız akt zalına daxil oldular. Akt zalında tədbir Ümummilli Lider Heydər Əliyevin o cümlədən Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş Qəhrəmanlarımızın Ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Fatma İbrahimovanın nitqi ilə tədbir açıq elan olundu. Tədbir müddətində şagirdlərimizin Ulu Öndər sevgisi ilə hazırladıqları şeirlər, musiqilər, rəqslər, təqdimatlar izləyicilər tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçılarının ifasında milli-mənəvi ruhu yüksəldən nəğmələr səsləndi, rəqslər oynanıldı. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən video çarx nümayiş olundu. Video çarxlarda Azərbaycan tarixinin dünəni ilə bu günü arasında vəhdət ifadə olunurdu. Tədbirdə şagirdlər Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin fəaliyyəti, Qarabağın işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsindən qürurverici çıxışlar təqdim etdilər. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Binəqədi Rayonu İcra başçının müavini Sevinc Süleymanovanın tədbir haqqında təəssüratların səslənməsi və Ulu Öndərın daima dəstək olduğu gənclərə, gələcəyə uğurlar diləməsi ilə başa çatdı.