2022/2023-cü tədris ili I Yarım il üzrə Pedaqoji Şuranın iclası keçirildi

31 yanvar 2023-cü ildə 2022/2023-cü tədris ili I yarımil yekunlarına dair Pedaqoji şuranın iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Fatma İbrahimova kollektivimizə yeni qoşulan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin direktor müavinlərinin işə qəbul müsabiqəsində uğur qazanaraq təyinat alan təlim- tərbiyə işləri üzrə direktor müavini İsmayılova Sevinc xanımı kollektivə rəsmi şəkildə təqdim edib.

İclasda ilk çıxış məktəb direktoru tərəfindən həyata keçirildi. Fatma xanım İbrahimova Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ardıcıl olaraq keçirilən monitorinqin nəticələri ilə məktəbimiz tərəfindən keçirilən monitorinqin nəticələrinin müqayisəli təhlilini təqdim etdi. O cümlədən məktəbimizin Binəqədi rayonu, həmçinin Bakı məktəbləri arasında reytinq cədvəlində yerinə nəzər yetirildi, ötən illərki nəticələrlə müqayisəsi aparıldı.

İbtidai siniflər və rus bölməsi üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Sevgili Nurəliyeva tərəfindən ibtidai siniflər üzrə birinci yarım ildə aparılan işlərin nəticələri təqdim edilərək təhlil olundu. İbtidai siniflər arasında keçirilən " oxu texnikası" nın nəticələri açıqlanaraq siniflərarası nəticələrə müqayisəli şəkildə baxıldı.

Azərbaycan bölməsi üzrə 5-11-ci siniflərin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc İsmayılova 5-11-ci siniflərin I yarımil təlim nəticələrini təqdim etdi. Qrafik şəkildə nümayiş olunan nəticələrdə şagird nəaliyyətləri və zəif nəticələri haqqında geniş müzakirə aparıldı. Sevinc müəllimə, həmçinin buraxılış siniflərin nəticələrini diqqətə çatdıraraq nəticələri qənaətbəxş olmayan şagirdlərlə əlavə təyin olunan vaxtlarda buraxılış fənləri üzrə əlavə dərslərin zəruriliyini qeyd etdi.

Uşaqlarla məktəbdənkənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova I yarımil ərzində məktəb üzrə keçirilən tədbirlərdən ətraflı məlumat verdi. Şagirdlərimizin qazandığı uğurlar, məktəbimizin təşkil etdiyi layihələr haqqında nümayiş təqdim olundu.

Hərbi-rəhbər ehtiyatda olan polkovnik-leytenant Sadıqov Muraz tərəfindən məktəbin hərbi-vətənpərvərlik ruhuna nəzər yetirildi. Muraz müəllim I yarımil üzrə yuxarı sinif şagirdləri ilə keçirilən nümunəvi yarışlar, müsabiqələr, tədbirlər barəsində geniş məruzə etdi. Muraz müəllim məktəblərdə keçirilən hərbi dərslərin şagird məsuliyyətinin artırılması istiqamətində əhəmiyyətli təsirindən danışdı.

Məktəbimizin psixoloqu Vəfa Şükürova I yarımil ərzində məktəbdə aparılan psixoloji xidmət haqqında ətraflı məlumat verdi. Şagirdlər arasında keçirilən diaqnostik sorğuların nəticələri Vəfa xanım tərəfindən diqqətə çatdırıldı.

Məktəbimizin təssərrüfat işləri üzrə direktor müavini Adil Həmidov məktəbin I yarım il üzrə maddi-texniki vəziyyəti haqqında məlumat verdi. Məktəbdə müntəzəm sürətdə aparılan təmizlik, abadlıq işləri Adil müəllim tərəfindən pedaqoji kollektivin nəzərinə çatdırıldı.

Sonda iclasda təqdim olunan çıxışlara müəllimlərin münasibəti öyrənilərək, müzakirə həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi