“Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bununla əlaqədar olaraq may ayının 30 - da ibtidai sinif şagirdlərinin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Əliyeva Zeynəb, təlim tərbiyə işləri üzrə direktor müavini İbrahimova Zabitə, təşkilatçı Səlimova Mehriban, ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlərinin ifasında səslənən mahnılar, rəngarəng rəqslər hamı tərəfindən böyük alqışlarla qarşılanıb. Şən musiqi sədaları altında keçən tədbir uşaqlarda yüksək bayram əhval - ruhiyyəsi yaradıb. Məktəbin direktoru Əliyeva Zeynəb uşaqları bayram münasibəti ilə təbrik edib, onların daim diqqət mərkəzində olduğunu, hər zaman onların sevincinə şərik olmasını bildirib. Onlara Vətənə, millətə, cəmiyyətə xeyirli vətəndaş olmağı, uğurlu və mənalı ömür yaşamağı arzulayıb.