Sağlam bədəndə sağlam ruh olar

Məktəbimizdə fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi ilə yanaşı, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Gündüz Vəliyev də iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbir çərçivəsində müxtəlif idman növlərinə aid geyimlər və idman topları nümayiş etdirildi, həmçinin şagirdlərin hazırladığı idman mövzusunda əl işləri sərgiləndi. Şagirdlərin iştirakı ilə müxtəlif əyləncəli oyunlar təşkil olundu və maraqlı çıxışlar təqdim edildi. Daha sonra məktəb şagirdlərinin təqdimatında ümummilli lider Heydər Əliyevin 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olundu. Məktəbimizin idmançı şagirdləri səhnəyə çıxaraq öz idman növlərinə uyğun hərəkətlər göstərdilər. İbtidai sinif gimnast qızlarımız isə zərif və peşəkar gimnastik çıxışları ilə izləyiciləri valeh etdilər.
Bundan əlavə, taekvondo üzrə qara kəmər sahibi olan idmançımız öz bacarıqlarını nümayiş etdirdi. Tədbirin xüsusi qonağı olan kiçik dostumuz breakdance üzrə məharətini göstərərək şagirdlərin böyük marağına səbəb oldu.
Tədbirin sonunda iştirakçılar fəxri diplomlarla təltif olundular.