“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş voleybol turniri

Bakı Şəhər Gənclər və İdman İdarəsi və 124 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə voleybol turniri keçirildi.
27 fevral 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və 124 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin qız şagirdləri arasında “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş voleybol turniri keçirildi. Turnirdə Xəzər rayonu üzrə Binə, Buzovna, Şüvəlan, Mərdəkan-Şağan və Qala-Türkan-Zirə zonalarının komandaları iştirak etdilər.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru Ələkbərova Reyhan idmanın insan sağlamlığı üçün əhəmiyyətindən danışdı və bu cür tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm rol oynadığını vurğuladı. Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin sonunda qalib komandalar aşağıdakı kimi müəyyənləşdi:
1-ci yer – 156 nömrəli tam orta məktəbin komandası
2-ci yer – 149 nömrəli tam orta məktəbin komandası
3-cü yer – 26 nömrəli tam orta məktəbin komandası
Turnirin sonunda mükafatçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallar təqdim olundu.
Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, qalib komandaları təbrik edirik!