31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı“Dəyirmi masa” keçirildi

Məktəbimizdə tarix müəllimləri İmamverdiyev Nadir, Əliyeva Vəsilə, Bayramova Sürəyya və 9-10-cu sinif şagirdlərinin iştirakı ilə “31 Mart soyqırımı” mövzusunda “Dəyirmi masa” keçirildi.”Dəyirmi masa”nın iştirakçıları çıxışlara başlamadan öncə soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.Sonra tədbir müəllim və şagirdlərin sözügedən tarixi dövrlə bağlı faktlara əsaslanan çıxışları ilə davam etdi. Çıxışlarda ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri dəhşətli faciələrdən bəhs edildi. Bildirildi ki, erməni daşnakları dinc əhalini uşaqdan böyüyədək qətlə yetirib, onları doğma ev-eşiyindən zorla didərgin salıblar. Erməni daşnakları tərəfindən təkcə Bakı şəhərində 12 mindən artıq azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızlıqla məhv edilib. 1918-ci ilin martında ermənilər Azərbaycanın Lənkəran,Quba,Şamaxı ,Naxçıvan,Qarabağ və s. bölgələrində də minlərlə dinc sakini qanına qəltan etdilər. Kənd ağsaqqallarının başlarını kəsərək quma basdırıb və qadınların belinə qaynar samovarlar bağlayıblar. Soyqırıma məruz qalanlara dəhşətli işgəncələr verilib. Ümumilikdə bir həftəyə kimi davam edən qətliamda 50 min azərbaycanlı erməni terrorunun qurbanı olub.
Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. “Dəyirmi masa”da, həmçinin o da bildirilib ki, 31 mart bəşər tarixinin ən qəddar faciələrindən biri kimi Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb.
Çıxışların sonunda soyqırım hadisələrini real görüntülərdə əks etdirən video çarx nümayiş etdirildi.