Ekoparka ekskursiya

Hal-hazırda vətənimizin hər bölgəsində yeni parklar salınır. Hər yerdə olduğu kimi bizim qəsəbədə də yeni abadlıq işləri görülür. Belə ki, bir zamanlar bataqlıq və gölməçələr olan ərazidə indi gözəl bir Ekopark salınmışdır. 6 may 2017-ci il tarixdə məktəbimizin VIII”b” sinif şagirdləri sinif rəhbəri Pəncəliyeva Ülviyyə, direktorun tərbiyə işləri üzrə müavini Kərimova Elnarə, UBR Əliyeva Sevda və müəllimlərdən Quliyeva Bayramnisə ilə birlikdə həmin parkda oldular. Parkda şagirdlər istixanalarda becərilən dekorativ bitkilər, güllər, cürbəcür ağac növləri ilə tanış oldular. Ətraf aləmi gözəlləşdirmək, təmiz saxlamaq hər birimizin borcudur. Çalışırıq ki, şagirdlərimiz də bunu duysunlar, təbiətə sevgi və qayğı ilə yanaşsınlar, onu daha da gözəlləşdirsinlər. Parkın bələdçisi yeni salınmış bu park haqqında şagirdlərə ətraflı və dolğun məlumat verdi, uşaqların suallarını cavablandırdı. O qeyd etdi ki, meşələr, parklar oksigen qazının birbaşa “istehsalçılar”ıdır. Bu oksigenlə insanlar, heyvanlar, hətta bitkilərin özləri də nəfəs alır və ətraf aləmi çirklənmədən qoruyur. Elə buna görə, yaşıllıqların qorunması çox böyük həyati əhəmiyyət daşıyır. Ekologiya yer üzərində həyatın saxlanması və inkişafı üçün olduqca vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamı üçün lazımdır.