Şəhid Qurbanəli Quluzadənin anım günü keçirildi

Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 121 nömrəli tam orta məktəbin İkinci Qarabağ müharibəsi şəhidi Qurbanəli Quluzadənin anım günü keçirildi. 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, həmçinin mülkü əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlanması barədə əmr verilmişdir.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində 17 oktyabrdan etibarən Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 21 oktyabr 2020-ci il tarixində həyatını itirən məktəbimizin şəhid məzunu Qurbanəli Quluzadə Elşad oğlunun anım günü məqsədi ilə tədbir təşkil edildi. Digər şəhid analarının da iştirak etdiyi tədbirdə şəhid Qurbanəli Quluzadənin təhsil aldığı 121 nömrəli tam orta məktəbin psixoloqu Samirə Rzayeva, uşaq birliyi rəhbəri Sevda Əliyeva, məktəbin fiziki tərbiyə müəllimi Əvəz Rüstəmov məktəb şagirdləri ilə birlikdə iştirak etdilər. Tədbir şagirdlərin söylədikləri təsirli şeirlər, rayon icra hakimiyyəti nümayəndələrinin, müəllimlərin çıxışları ilə davam etdi.