Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin 2019 - 2020 - ci tədris ilinin fəaliyyət planına uyğun olaraq 2019 - cu ilin oktyabr ayından başlayaraq Bakı şəhərinin inzibati rayonlarında "Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir" mövzusunda “Dəyirmi masa”lar keçirilir.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan “Dəyirmi masa”ların əsas məqsədi milli-mənəvi dəyərlərimizi qorumaq, şagirdləri ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.
Növbəti dəyirmi masa 08 noyabr 2019 - cu il tarixdə K.Əyyubov adına 12 nömrəli tam orta məktəbdə keçirildi. Məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir" mövzusunda baş tutan "Dəyirmi masa" da Təlimə Dəstək Mərkəzinin tarix fənni üzrə metodisti Xatirə Əsədova, Nizami rayonu məktəblərinin tarix fənn müəllimləri, məktəbin tarix müəllimləri və direktor müavinləri iştirak etdilər.
"Dəyirmi masa" bir qayda olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Şövqiyyə Əliyeva qonaqları salamladı və "Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir" mövzusunda hazırladığı təqdimat ilə çıxış etdi. Ş.Əliyevanın çıxışından sonra mövzunu hərtərəfli əhatə edən videoçarx nümayiş olundu. Tədbirin davamında məktəbin tarix müəllimləri milli-mənəvi dəyərlərimiz olan milli geyimlər, yeməklər, adət - ənənələr, bayram adətləri, milli musiqi nümunələri, musiqi alətləri, dastanlar və s. haqqında təqdimatlarla çıxış etdilər. Mövzunun tam əhatə olunması məqsədi ilə şagirdlərin ifasında muğam, milli rəqs, şeir və məqalələr dinlənildi.
Diskussiya şəklində davam edən görüşdə uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində müvafiq tövsiyələr verildi. Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.