Milli Musiqi Günü
18 sentyabr Azərbaycanın görkəmli bəstəkarı, dramaturq, publisist, pedaqoq, ictimai xadim, Azərbaycan musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyovun 134 illik yubileyi və eyni zamanda Azərbaycan Milli Musiqi Günü kimi qeyd edilir.
Bu münasibətlə 18 sentyabr 2019 - cu il tarixdə məktəbin konfrans zalında musiqi müəllimi Könül Zeynalovanın təşkilatçılığı ilə V - VI sinif şagirdlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş ədəbi - bədii kompozisiya və tədbir keçirildi.
Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir ənənəvi olaraq şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şagirdlərin təqdimatında tədbir iştirakçılarına və qonaqlara Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verildi. Bu günün tarixi və Üzeyir Hacıbəyovun Azərbaycan musiqi tarixində göstərdiyi xidmətlərin müəyyən bir hissəsini özündə əks etdirən video çarx nümayiş etdirildi. Bundan başqa şagirdlərin ifasında Üzeyir Hacıbəyovun məşhur bəstələrindən olan "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirildi. Tədbirin sonunda təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva tədbirin hazırlanmasında əziyyət çəkən hamıya öz təşəkkürünü bildirdi.