Yurdumuza Novruz gəlir
Yurdumuza Novruz gəlir. Novruz öz gəlişi ilə hamıda, xüsusilə də uşaqlarda böyük sevinc hissi oyadır. Novruz bayramı və yazın gəlişi ilə əlaqədar olaraq məktəbdə bayram tədbirləri, açiq dərslər və təşkilat saatlarının keçirilməsi davam edir. Bu münasibət ilə keçirilmiş Açıq dərslərdən biri də məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın rəhbərliyi ilə "3 B" sinfində baş tutdu. Dərsdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini, ibtidai siniflər üzrə metodbirləşmə sədri və ibtidai sinif müəllimləri iştirak etdilər. "Açıq dərs"in məqsədi şagirdləri milli bayramımız olan Novruzun tarixi, adət - ənənələri ilə yaxından tanış etmək idi. Şagirdlər dərsdə Novruzun atributları sayılan dörd çərşənbənin adı ilə adlandırılan 4 komandada iştirak etdilər. Dərs bir qayda olaraq şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Novruz adət - ənələri və çərşənbələr haqqında öncədən hazırladıqları təqdimatlarla çıxış etdilər. Uşaqların ifasında şeirlər, musiqilər, səhnəciklər ifa edildi. Dərsin gedişində müəllim şagirdlərə mövzu barədə müəyyən suallar ünvanladı və məntiqi oyunlar keçirdi. Bütün komandalar sualların cavablandırılmasında fəal iştirak etdilər. Sonda müəllim şagirdləri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirdi. Dərs 12 nömrəli məktəbin himninin səsləndirilməsi ilə başa çatdı.