Qış tətili ekskursiyaları
Ağır dərs günləri bir qədər səngidi, monitorinqlər, sınaq imtahanları ara verdi, 1-ci yarımil sona çatdı. Sagirdləri qarşıda yenə çoxlu işlər (olimpiadalar, sınaq imtahanları) gõzləsə də, qış tətili günlərini maraqlı keçirmək məqsədilə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Pəri Allahverdiyevanın təşkilatçılığı ilə məktəbin "IX b" və "IX ç" sinif şagirdlərinin Xızıya ekskursiyası baş tutdu. Bu ekskursiyada əsas məqsəd Xızıda doğulmuş böyük Azərbaycan şairləri Cəfər Cabbarlı və Mikayıl Müşfiqin ev muzeyləri ilə şagirdləri tanış etmək idi. Şagirdlər yol boyu görkəmli şairlərimiz haqqında əvvəlcədən hazırladıqları təqdimatları yoldaşları ilə bölüşdülər, bundan başqa maraqlı viktorinalar və Müşfiqin sözlərinə yazılmış musiqilər şagirdlər tərəfindən çox maraqla qarşılandı.
Şagirdlər öncə Xızı rayonunda yerləşən Heydər Əliyev mərkəzinə ekskursiya etdilər. Mərkəzin bələdçisi şagirdləri mərkəzdə fəaliyyət göstərən elektron kitabxana və Heydər Əliyev muzeyi ilə tanış etdi, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və eksponatlar barədə geniş məlumat verdi.
Bundan başqa şagirdlər Xızıda doğulmuş hər birimizin Mikayıl Müşfiq kimi tanıdığı, nakam şairimiz Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin Xızı rayonunun Sayadlar kəndində yerləşən ev muzeyində oldular. Muzeyin bələdçisi Müşfiqin həyatı, ailəsi və yaradıcılığı haqqında qısa və dolğun şəkildə məlumat verdi. Müşfiqin həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillər nümayiş etdirildi.
Xızıda yaşayıb - yaratmış görkəmli şəxsiyyətlərdən biri də böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıdır. Cəfər Cabbarlının doğulub böyüdüyü ev hal – hazırda muzey kimi fəaliyyət göstərir. Muzeyin bələdçisı şagirdləri C.Cabbarlıya və ailəsinə məxsus olan səxsi əşyalar ilə tanış etdi. Muzeydə şairin həyatı, ailəsi və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən şəkillərindən ibarət fotostend şagirdlərə nümayiş etdirildi.
Sonda məktəbin kollektivi ümummilli lider Heydər Əliyevin və böyük şairlərimiz Mikayıl Müşfiq və Cəfər Cabbarlının abidələri önündə xatirə şəkilləri çəkdirdilər.