"20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümü
Hər bir insan doğulduğu andan digərlərindən seçilmək, öz bilik və bacarığını göstərərək daim yüksək zirvədə olmağa can atır. Bu yüksəlişin ən uca zirvəsi isə Şəhidlik zirvəsidir. Vətən yolunda canını fəda edən vətən övladları öz qəhrəmanlıqları, göstərdikləri hünərlə bu zirvəyə yüksəlirlər. Vətən naminə canını qurban verənlər öz ölümləri ilə ölümsüzlük qazanır, şəhid adına yüksəlirlər. Bundan böyük ucalıq ola bilməz!
Tarixdə elə günlər var ki, onlar heç vaxt unudulmur. Belə günlərdən biri də Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar faciəsidir. Bu günü unudulmaz edən günahsız dinc əhalinin misli görünməmiş şəkildə amansızcasına qətlə yetirilməsidir. Bu qanlı tarix xalqın yaddaşında Ümumxalq Hüzn Günü kimi həkk olunmuşdur.
Hər il yanvar ayının 20 - də vətənin qeyrətli övladlarının uyuduğu, bizim and yerimiz, səcdəgahımız olan Şəhidlər xiyabanı qərənfil yağışına qərq olur. Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin narahat ruhlarının təcəssümüdür.
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşan vətənin qeyrətli oğul və qızları heç vaxt unudulmayacaq, onların əziz xatirəsi yaddaşlara əbədi həkk olunacaqdır. Allah rəhmət etsin!!!
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq məktəbin şagird və pedaqoji kollektivinin Şəhidlər xiyabanına ziyarəti baş tutmuşdur. Şagirdlər tərəfindən şəhidlərin məzarları önünə tər qərənfillər qoyuldu.