Azərbaycan müəllimlərinin 15-ci qurultayı
Azərbaycan müəllimlərinin 15-ci qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bu dövr, həm də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, yeni əsrin çağırışlarına cavab verən insan kapitalının formalaşması istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.
Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, infrastrukturun müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi, şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından sistemli tədbirlərin həyata keçirilməsi və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin qazanıldığını, təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu xüsusi vurğulayaraq, nazirin hesabat məruzəsini qənaətbəxş hesab edir.