"Xocalı qan yaddaşımız"
26 fevral 2015-ci il tarixində Bakı şəhəri Nizami rayonu 12 №-li tam orta məktəbin akt zalında tarix müəllimi Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi – bədii gecə keçirilmişdir. Tədbirə məktəbin müəllim kollektivi, V-VIII sinif şagirdlərilə yanaşı, Xocalıdakı şəhid ailələri, bu faciəni görən iştirakçılar və N.Nərimanov adına muzeyin əməkdaşları dəvət olunmuşdular. Tətbirin əsas məqsədi Xocalı soyqırımı haqqında şagirdləri məlumatlandırmaq, vətənpərvərlik ruhunu yüksəltmək idi. Əvvəlcə dövlət himni səsləndirildi, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gecə məktəbin tarix müəllimləri Şövqiyyə Əliyeva, Fazilə Quliyeva, Aynur Rəhimova və bu qorxulu gecəni yaşamış Xocalı şəhərin sakini, məktəbin hərbi rəhbəri Bəylər Kərimovın çıxışları ilə başladı. Onlar çıxış edərək əsrin ən dəhşətli faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdilər. Bildirildi ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş bu soyqırım əsrin faciəsi olmuşdır. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür. Hal-hazırda bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Məktəbin şagirdləri Xocalı faciəsinə həsr edilmiş şeirlər, o qanlı gecəni həsr edən səhnəciklər göstərdilər. Tədbirdə böyük inam hissi ilə qeyd olundu ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndində, işğal altında olan digər ərazilərdə dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Tədbirin sonunda məktəbin direktoru Əli Alıyev, müəllim kollektivi və şagirdlər Xətai rayonunda Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər qoymuşdular.