COP29-la bağlı dəyirmi masa
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq məktəbdə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. 03.06.2024-cü il tarixində ilk belə tədbir məktəbin rəhbər heyəti və istedadlı şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında baş tutub. Dəyirmi masa formatında təşkil olunan tədbirdə COP29 barədə şagirdlərə məlumatlar təqdim edilib. Həmçinin şagirdlərlə fəal müzakirələr aparılıb.
Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth